“Meta” şirkətinin virtual reallıq (VR) sahəsində gələcək addımları ilə bağlı maraqlı iddialar ortaya atılıb. Son iki ildə “Meta Quest 3” və “Quest 3S” VR qulaqlıqları təqdim edilsə də, görünür ki, şirkətin növbəti VR cihazı tamamilə fərqli bir formada olacaq.
“UploadVR” portalının məlumatına görə, “Meta”nın başa taxıla bilən növbəti VR cihazı 2026-cı ildə təqdim edilə bilər. Lakin bu, “Quest” seriyasından öyrəşdiyimiz iri və həcmli VR qulaqlıqlara bənzəməyəcək. Yeni hesabatda iddia edilir ki, bu, daha açıq, yüngül bir cihaz olacaq və hesablama gücü üçün ayrı bir “puck” (kiçik diskvari qurğu) ilə əlaqəli olacaq. Bu yanaşma, bütün avadanlığı qulaqlığın özündə yerləşdirmək əvəzinə, işləmə gücünü kənara çıxaracaq. Bu, “Apple Vision Pro”ya bənzəsə də, diqqətəlayiq bir fərq var.
“The Information” tərəfindən “Puffin” kod adlı bu yeni “Meta” cihazı haqqında daha əvvəl yayılan bir hesabatda bildirilir ki, o, qulaqlıqdan daha çox böyük eynəyə bənzəyir və çəkisi 100 qramdan azdır. Bu, “Apple Vision Pro”dan (Apple-ın öz etirafına görə təxminən 600 qram) xeyli yüngül olacağı deməkdir. “Puffin”in həmçinin idarəedici pultlarla gəlməyəcəyi, əvəzində əl jestləri ilə idarə olunacağı iddia edilir. Bu, onun oyun cihazı kimi imkanlarını məhdudlaşdırsa da, “Puffin”in mövcudluğu gələcəkdə daha ənənəvi “Quest” qulaqlığının təqdim edilməsinə mane olmaya bilər.
Görünür ki, VR şirkətləri nəhayət bir çox insanın illər əvvəl anladığı bir həqiqəti dərk etməyə başlayıblar: insanların əksəriyyəti böyük, həcmli kompüteri üzlərində çox gəzdirmək istəmirlər.
Həmçinin, Mark Zukerberqin diqqətinin texnologiyada növbəti böyük sərhəd kimi artırılmış reallıq (AR) eynəklərinə yönəlməsi, “Meta”nın qulaqlıqlardan eynəyə bənzər geyilə bilən cihazlara doğru sürüşməsini təəccüblü etmir.