Meta, 2025-ci ilin ilk rübündə İran, Çin və Rumıniya mənşəli üç gizli təsir əməliyyatını aşkar edib və aradan qaldırıb. Şirkət bu barədə cümə axşamı günü dərc etdiyi Rüblük Düşmən Təhdid Hesabatında məlumat verib. Meta, bu kampaniyaların geniş auditoriyaya çatmadan vaxtında müəyyənləşdirilərək platformadan silindiyini bildirib.
Rumıniya əməliyyatı: 658 saxta hesab ifşa edildi!
Əməliyyatlardan biri Rumıniyanı hədəf alıb və bu çərçivədə 658 saxta Facebook hesabı, 14 səhifə və 2 Instagram hesabı fəaliyyət göstərib. Saxta profillər yalnız Meta platformalarında deyil, TikTok, X (keçmiş Twitter) və YouTube kimi digər sosial şəbəkələrdə də aktiv olub. Bu səhifələrdən birinin təxminən 18,300 izləyicisi var idi.
Təxribatçılar bu profilləri Facebook səhifələrini idarə etmək, istifadəçiləri xarici sayt linklərinə yönləndirmək və siyasi şəxslərin, media orqanlarının paylaşımlarına şərh yazmaq üçün istifadə ediblər. Hesablar Rumıniyada yaşayan real insanlar kimi davranaraq idman, səyahət və yerli xəbərlərlə bağlı paylaşımlar edirdilər. Lakin bu şərhlər əksər hallarda real istifadəçilərdən əks-səda almırdı. Meta bildirib ki, bu saxta profillər digər platformalarda da aktiv olaraq özlərini etibarlı göstərməyə çalışıblar. Əməliyyat proxy IP texnologiyası ilə izlərini və koordinasiyalarını gizlədib.
İran əməliyyatı: Hədəfdə Azərbaycan və Türkiyə!
İkinci kampaniya İran mənşəlidir və Azərbaycanla Türkiyədəki azərbaycandilli auditoriyanı hədəfə alıb. Əməliyyat çərçivəsində 17 Facebook hesabı, 22 səhifə və 21 Instagram profili fəaliyyət göstərib. Saxta hesablar özlərini qadın jurnalist və Fələstin tərəfdarı aktivist kimi təqdim ediblər.
Bu profillər #palestine, #gaza, #starbucks, #instagram kimi populyar heşteqlərdən istifadə edərək ictimai diskussiyalara müdaxilə etməyə çalışıblar. Paylaşımlarda əsas mövzular Paris Olimpiadası, İsrailin 2024-cü ildəki hücumları, Amerika brendlərinə boykot, eləcə də ABŞ, Prezident Biden və İsrailə qarşı tənqidlər olub.
Meta bu fəaliyyətlərin “Storm-2035” adlı İranlı qrupla əlaqəli olduğunu qeyd edib.
Çin əməliyyatı: Asiyadakı hədəflər:
Üçüncü kampaniya Çin mənşəlidir və əsasən Myanma, Tayvan və Yaponiya kimi ölkələrə yönəlib. Bu əməliyyat çərçivəsində 157 Facebook hesabı, 19 səhifə, 1 qrup və 17 Instagram hesabı ləğv olunub. Saxta profillərin profil şəkilləri süni intellektlə hazırlanıb və bu profillər genişmiqyaslı bir saxta hesab şəbəkəsi (bot farm) kimi fəaliyyət göstərib.