6 iyun 2025-ci il tarixində, “Sea Breeze”in dəstəyi ilə Grand Hoteldə “GAMESUMMIT2025” oyun konvensiyasının Biznes Konfransı bölməsi keçirilmişdir. Tədbir, regional və beynəlxalq oyun sənayesi nümayəndələrinin iştirakı ilə ölkədə rəqəmsal oyun sektorunun inkişafı istiqamətində əhəmiyyətli müzakirə platformasına çevrilmişdir.
Konfransın açılışını tədbirin rəhbəri, eyni zamanda Xsolla şirkətinin regional icraçı direktoru Fuad Kərimov etmişdir. O, iştirakçıları salamlayaraq, tədbirə göstərdikləri marağa görə təşəkkürünü bildirmiş, oyun sənayesində beynəlxalq qonaqların təqdim edəcəyi maraqlı və innovativ təqdimatların iştirakçılar üçün faydalı olacağına inandığını vurğulamışdır.
Daha sonra, “GAMESUMMIT2025” layihəsinin ideya müəllifi və rəhbəri Fuad Əzizov ilk çıxış nitqini təqdim etmişdir. O, tədbir iştirakçılarına müraciətində aşağıdakı fikirləri səsləndirmişdir:
“Hörmətli xanımlar və cənablar, tərəfdaşlar və innovatorlar, biz bura sadəcə oyunlar haqqında danışmaq üçün toplaşmamışıq. Biz, həmçinin bu oyunların arxasında dayanan qlobal innovasiya və texnologiyaların gələcəyini formalaşdırmaq üçün buradayıq. Bu baxımdan Azərbaycanın seçilməsi təsadüfi deyil. Azərbaycan innovasiya, yaradıcılıq və fürsətlər baxımından yeni bir regional mərkəzə çevrilməkdədir. Startaplardan tutmuş gələcəyə yönəlmiş strateji baxışlara qədər, bu ölkə qlobal biznes dairələrinin diqqət mərkəzindədir. GAMESUMMIT2025 bu baxışın bariz təzahürüdür. Bu tədbir bir platformadır – fürsətlərin, yaradıcılığın və qarşılıqlı dəstəyin körpüsüdür. Bu ideyanın gerçəkləşməsində mühüm rol oynayan komandama xüsusi təşəkkür edirəm.”
Tədbirin davamında Xsolla şirkətinin Qlobal strateji təşəbbüslər və dövlət əlaqələri üzrə vitse-prezidenti Rytis Joseph Jan, çıxışında oyun sənayesinin inkişafı üçün hökumətlər və texnologiya şirkətləri arasında davamlı dialoqun əhəmiyyətini vurğulamış, Azərbaycan bazarının bu sahədə perspektivli istiqamətlər təqdim etdiyini qeyd etmişdir.
Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar Departamentinin rəhbəri Ağahüseyn Əhmədov, ölkədə startap mühitinin gücləndirilməsi və oyun texnologiyalarına yönəlmiş investisiya təşəbbüsləri haqqında məlumat vermiş, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin əhəmiyyətini önə çəkmişdir.
Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov isə çıxışında Azərbaycanın zəngin mədəni irsinin və tarixi hekayələrinin rəqəmsal oyunlar vasitəsilə beynəlxalq auditoriyaya çatdırılması imkanlarından danışmış və bu istiqamətdə yaradıcı sənayelərin əməkdaşlığını vacib hesab etdiyini bildirmişdir.
Tədbir çərçivəsində digər yerli və xarici qonaqlar da çıxış edərək, oyun sənayesinin yaradıcı sənayə çətiri altında inkişaf perspektivləri, bu sahəyə beynəlxalq investisiyaların cəlbi və Azərbaycanın tarixi-mədəni irsinin oyunlara inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparmışlar.






